Dünya çempionatının H qrupunun lideri Portuqaliya millisi Cənubi Koreya seçməsi ilə Education siti arenasında üz-üzə gələcək. Bu görüşdə qazanılacaq 1 xal belə portuqaliyalıları qrup lideri kimi pley-of mərhələsinə daşıyacaq. Asiya təmsilçisi isə bu matçda 2 top fərqlə qalib gəlməli və Qana seçməsinin Uruqvayla görüşdə xal itirməsinə ümid etməlidir. İndiyədək komandalar cəmi 1 dəfə 2002-ci ildə Cənubi Koreyada keçirilən mundialda qarşılaşıblar. Həmin oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsilə yekunlaşmışdı. Cənubi Koreya seçməsi bu matça itkisiz çıxacaq. Millinin çalışdırıcısı Paulu Bento bu matçın çətin keçəcəyini lakin sona qədər mübarizə aparacaqlarını bildirib. Portuqaliya millisinin heyətindən Nunu Mendeş, Otavio və Danilo Pereyra bu qarşılaşmada meydanda olmayacaq. Görüşü argentinalı Fekundo Telo idarə edəcək.
Qrupun digər görüşü isə Qana və Uruqvay seçmələri arasında keçiriləcək. Mundiala böyük ümidlərlə yollanan Cənubi Amerika komadası 1/8 finala yüksəlmək üçün qalib gəlməlidir. Qana millisinə isə digər görüşün nəticəsindən asılı olaraq bərabərlik də kifayət edəcək. Komandalar 2010-u il Cənubi Afrika Respublikasında keçirilən mundialda üz-üzə gəlmişdi. Penaltilər seriyasında qalib gələn Uruqvay seçməsi yarımfinala adlamışdı. H qrupunun hər iki oyunu eyni vaxtda saat 19:00-da başlanacaq.