Dünya çempionatının G qrupunda yarışan Braziliya millisi 3-cü turda Afrika qitəsindən mundiala yüksələn Kamerun yığması ilə üz-üzə gələcək. Bundan əvvəlki görüşlərdə qapısından top buraxmadan qələbə qazanan “sambaçılar” üçün sonuncu görüş formal xarakter daşıyır. Titenin yetirmələri 6 xalla play-off imkanlarını vaxtından əvvəl təmin ediblər. Zədəli Neymarın çıxışından məhrum olan pentakampeonlar qrupu lider kimi bitirmək üçün afrikalılara uduzmamalıdır. Kamerunun qrupdan çıxması isə təkcə öz əllərindən deyil. Afrika təmsilçisinin uğuru həm də digər matçın nəticəsindən asılıdır.

Digər qarşılaşmada isə Avropa təmsilçiləri İsveçrə ilə Serbiya üz-üzə gələcək. İsveçrə 1/8 finala yüksəlmək üçün rəqibinə qalib gəlməlidir. Onlar qrupdakı mövqeyini itirməmək üçün Serbiyanın qol imkanlarını minimuma endirməlidir. Murat Yakının kollektivi heç-heçə edəcəyi təqdirdə Kamerunun Braziliyaya uduzmasına ümid etməlidir.