Dünya çempionatında E qrupunda mübarizəyə yekun vurulub. Sonuncu turda Yaponiya və İspaniya milli komandaları üz-üzə gəlib. İlk hissədə pireneylilər hesabda irəli çıxıblar. 11-ci dəqiqədə Sezar Azpilikuetanın ötürməsindən sonra Alvaro Morata rəqib qapısına yol tapıb. Fasilədən sonra Yaponiya millisinin baş məşqçisi Hadzime Moriyasunun əvəzləmələri nəticə verib. 46-cı dəqiqədə meydana daxil olan Ritsu Doan 2 dəqiqə sonra hesabı bərabərləşdirib. Çox keçmədən Kaouru Mitomanın ötürməsini Ao Tanaka qolla tamamlayıb. Qalan vaxt ərzində ispaniyalılar rəqibi müdafiəyə çəkilməyə məcbur etsə də hesab dəyişməyib: Yaponiya - İspaniya 2:1
Paralel qarşılaşmada isə Kosta Rika və Almaniya yığmaları qarşılaşıb. 10-cu dəqiqədə Serj Qnabri bundestimi hesabda irəli keçirib. İkinci hissə daha məhsuldar alınıb. 58-ci dəqiqədə Eltsin Teheda bərabərliyi təmin edib. Çox keçmədən Xuan Pablo Varqas kosta rikalı azarkeşləri coşdurub. Lakin Mərkəzi Amerika təmsilçisinin sevinci cəmi 3 dəqiqə çəkib. Kay Havertz komandasının ümidləndirib. Görüşün sonlarında Hans Diter-Flikin yetirmələri 3 dəqiqəyə 2 qol vuraraq mübarizəyə nöqtə qoyublar. 85-ci dəqiqədə Kay Havertz dubl edib. Ardınca Niklas Fyülkruq komandasının sonuncu qolunun müəllifi olub: Kosta Rika - Almaniya 2:4.
Bununla da, E qrupunda mübarizə yekunlaşıb. 6 xalı olan Yaponiya millisi qrup lideri kimi play-offa adlayıb. Asiyalıların 1/8 finaldakı rəqibi Xorvatiya futbolçuları olacaq. İspaniya isə 4 xalla növbəti mərhələyə vəsiqə qazanıb. Pireneylilər Mərakeş seçməsi ilə üz-üzə gələcək. Habelə, E qrupunda İspaniya ilə eyni xal toplayan amma top fərqində geri qalan Almaniya yığması 3-cü, 3 xalı olan Kosta Rika isə sonuncudur.ra