F qrupunun lideri Xorvatiya millisi FİFA reytinqində 2-ci olan Belçika seçməsi ilə üz-üzə gələcək.

Bu qarşılaşma Əhməd bin Ali stadionunda keçiriləcək. Komandalar görüşə optimal heyətlərlə çıxacaqlar. Hazırda Xorvatiya yığmasının hesabında 4 xal var və bu matçda qeydə alınacaq bərabərlik onları 1/8 finala daşıyacaq. Belçika seçməsi isə mərhələ adlamaq üçün qalib gəlməlidir. İndiyədək komandalar bütün turnirlər daxil olmaqla 8 dəfə qarşılaşıblar. Bu oyunların 3-də Xorvatiya, 3-də Belçika millisi qalib gəlib, 1 görüşdə isə bərabərlik qeydə alınıb. Xorvatiyalı çalışdırıcı Zlatko Daliç Belçikal ilə matçın çətin keçə biləcəyini vurğulayıb: “Əgər seçim imkanımız olsa idi Belçika ilə qarşılaşmaq istəməzdik. Eden Hazar və De Brüyne kimi oyunçular hər an fərq yarada bilərlər. Qrupdan lider kimi çıxmaq əsas məqsədimizdir. Lakin 2-ci pillədən pley-ofa yüksəlsək də məyus olmarıq".

Belçika yığmasının çalışdırıcısı Roberto Martinez inanır ki, komanda daxili mübahisəli məqamlar oyunun nəticəsinə təsir göstərməyəcək: “Hazırda bizim əsas diqqətimiz bu oyuna yönəlib. Heyətdə motivasiya əskikliyi yoxdur. Belçika millisi mübarizəni belə erkən dayandırmamalıdır. Sona qədər mübarizə aparacağıq".

"Əl Tumama" arenasında keçiriləcək Kanada – Mərakeş oyunu Afrika təmsilçisi üçün həlledici xarakter daşıyır. Mərakeş millisinə bu qarşılaşmada qazanılacaq 1 xal da kifayət edir. Kanada millisi isə mundialda ilk xal və ya xalları qazanmağa çalışacaq. Hər iki matç bu gün saat 19:00-da başlanacaq.