Almaniya komandası dünya çempionatında E qrupunun ilk görüşündə Yaponiya millisinə 1:2 hesabilə uduzdu.
2-ci turda İspaniya seçməsiylə 1:1 hesablı heç-heçəyə nail olaraq pley-ofa çıxmaq imkanlarını qorudu. 3-cü turda “Bundestim” Kosta Rika yığması ilə üz-üzə gələcək. Hans-Diter Flikin komandası 1 xalla sonuncu olsa da, qələbə qazanacağı halda vəziyyətini düzəldə bilər. Əlbəttə bu, Yaponiya – İspaniya görüşünün nəticəsindən də asılı olacaq. Pireneylilərin müsbət 7 top fərqilə öndə olduğunu nəzərə alsaq, onların lider olmaq imkanları daha çoxdur. Yəni Yaponiya futbolçuları İspaniya yığması ilə matçda qalib gəlsə, pley-ofa çıxmaq üçün almaniyalılar böyük hesablı qələbə qazanmalı olacaqlar. Hazırda E qrupunda ispaniyalılar 4 xalla liderdirlər. 1 xal az toplayan Yaponiya millisi 2-cidir. Kosta-Rika yığması da eyni miqdarda xalla 3-cüdür. Almaniya seçməsi 1 xalla sonuncudur. Yaponiya – İspaniya və Kosta Rika – Almaniya matçları bu gün Bakı vaxtilə saat 23-də başlanacaq.