Qətərdə keçirilən mundialda D qrupunda yarışan Fransa millisi ilk məğlubiyyəti ilə üzləşib. Əvvəlki 2 turda qalib gələrək pley-offa vəsiqəni təmin edən Fransa seçməsi Tunis yığması ilə görüşə əsasən ehtiyatda qüvvə ilə çıxıb. Bu isə afrikalıların işinə yarayıb. 2-ci hissənin əvvəlində fərqlənən Vəhbi Xəzri Tunis seçməsinə minimal hesablı qələbə qazandırıb. Amma bu qalibiyyət afrikalıların pley-offa yüksəlməsi üçün yetərli olmayıb. 3 tura 4 xal toplayan tunislilər son turda qələbə qazanan avstraliya futbolçularından geri qalıblar.
Belə ki, paralel keçirilən qarşılaşmada avstraliyalılar sürpriz edərək danimarkalıları minimal hesabla məğlub ediblər. Yeganə qolu 1 saatın tamamında Metyu Leki vurub. Beləliklə xallarının sayını 6-ya yüksəldən Avstraliya millisi yalnız daha yaxşı top fərqinə malik Fransa seçməsindən geri qalıb. Bununla da turnirdə ilk dəfə uduzan Fransa yığması qrup lideri, avstraliyalılar isə 2-ci yerin sahibi kimi 1/8 finala adlayıblar. İlk dəfə 2006-cı il mundialında pley-offa yüksələn Avstraliya millisi tarixi uğurunu təkrarlayıb. Dünya çempionatına iddialı yollanan Danimarka yığması isə qrupu 1 xalla autsayder kimi tamamlayıb.