Milli Basketbol Assosiasiyasında müntəzəm çempionatın oyunları davam edir.  Hazırkı çempion “Qolden Steyt Uorriors”  səfərdə “Minnesota Timbervulvz”la qarşılaşıb. Artıq ilk periodda 47 xal toplayaraq rəqibini çətin vəziyyətə salan kaliforniyalılar fasiləyə 20 xal fərqli üstünlüklə yollanıb. İkinci hissədə də oyuna nəzarəti əlində saxlayan “Qolden Steyt” ardıcıl 3-cü qələbəsini qazanıb. “Uorriors”un lideri Stefen Körri 25 xal, 11 ribaund və 8 məhsuldar ötürmə ilə komandasının qələbəsində böyük pay sahibi olub:  “Minnesota” – “Qolden Steyt” 114:137.

Ötən mövsümün finalçısı “Boston Seltiks” də gecəni qələbə ilə başa vurub.  “TD Garden”də “Vaşinqton Kapitalz”ı qəbul edən Boston basketbolçuları ilk dəqiqələrdən təşəbbüsü ələ alıb. “Vaşinqton” yalnız son bölümdə fəallığı ilə diqqət çəksə də, bu, oyunun nəticəsinə təsir göstərməyib: “Boston” – “Vaşinqton” 130:121. Görüşün ən məhsuldar oyunçusu isə 36 xal toplayan “Boston”un müdafiəçisi Ceylen Braun olub.

Mövsümün favoritlərindən  “Miluoki Baks” isə azarkeşləri önündə “Dallas Maveriks”ə qalib gəlıib. 30 xal və 11 ribaundla yadda qalan Yannis Adetokumbo komandasında son 4 oyunda 3-cü qələbəsini qazandırıb. 27 xal və 12 ötürməylə diqqət çəkən “Dallas”ın lideri Luka Donçiçin fəallığı isə heç bir bəhrə verməyib: “Miluoki” – “Dallas” 124:115.