Milli Basketbol Liqasında müntəzəm çempionatın oyunları davam edir. Bu mövsüm qeyri-sabit çıxışı ilə yadda qalan “Dallas Maveriks” səfərdə “Vaşinqton Uizards”ın qonağı olub. Texaslılar ilk hissəni 3 xal fərqilə öndə başa vursa da, fasilədən sonra Kayl Kuzmanın qarşısını kəsə bilməyib. Oyunda 36 xal və 11 ribaundla yadda qalan “Vaşinqton”un basketbolçusu komandasına bu mövsüm 6-cı qələbəsini qazandırıb. “Dallas”ın lideri Luka Donçiç isə bu görüşdə hesabına 22 xal və 9 ribaund yazdırıb: Vaşinqton – Dallas 113:105.
Bu mövsüm imkanlarından aşağı səviyyədə çıxış edən “Mayami Hit” isə ardıcıl 2 görüşdən sonra azarkeşlərini qələbə ilə sevindirib. Hərçənd evdə “Şarlott Hornets”ə qarşı oyun floridalılar üçün heç də asan keçməyib. İlk 3 bölümdə üstün oyun sərgiləyən Erik Spoelstranın komandası son 12 dəqiqəlik hissədə rəqibinin ciddi təzyiqi ilə üzləşib. Buna baxmayaraq overtaymda toparlanan “Mayami” 117:112 hesabıyla qalib gələrək “Şarlott”a ardıcıl 7-ci məğlubiyyəti yaşadıb. Günün digər oyunlarında “Atlanta Houks” evdə “Filadelfiya Seventi Siksers”i 104:95, “Portlend Treyl Bleyzers” isə səfərdə “Nyu Orlean Pelikans”ı 106:95 hesabıyla məğlub edib.