İtaliya A Seriyasının 14-cü turunda “Atalanta” Leççe səfərinə yollanıb. Burada yerli komandanın qonağı olan Berqamo klubu 27-ci dəqiqədə hesabda geri düşüb. Federiko Başirotto başla dəqiq oynayıb. Qoldan sonra mərkəzdən oyuna başlayan “Atalanta” futbolçuları yenidən uğursuzluqla üzləşiblər. Müdafiəçilərin səhvindən sonra irəli atılan “Leççe” fərqi iki topa çatdırıb. Federiko di Françesko yerli azarkeşləri coşdurub. 40-cı dəqiqədə fərq azalıb. Duvan Zapata qarşılaşmada vurulan sonuncu qolun müəllifi olub. “Leççe” – “Atalanta” 2:1.
“Roma” isə səfərdə “Sassuolo” ilə heç-heçə edib. İlk hissədə hesab açılmayıb. Fasilədən sonra irəli atılan paytaxt futbolçuları 80-ci dəqiqədə istəyini əldə edib. Temmi Abraham komandasını sevindirib. Lakin ruhdan düşməyən Redco Emiliya klubu 5 dəqiqə sonra tarazlığı bərpa edib. Andrea Pinamonti “Sassuolo”ya 1 xal qazandırıb. “Sassuolo” – “Roma” 1:1.
“Fiorentina” ardıcıl 3-cü oyunda da azarkeşlərini qələbə ilə sevindirib. Doğma “Artemio Franki” stadionunda “Salernitana” ilə üz-üzə gələn Florensiya təmsilçisi rəqibindən minimal hesabla üstün olub. Cakomo Bonaventura və Luka Yoçiv komandanın qələbəsində əsas pay sahibi olub. “Salernitana”nın heyətindən isə yalnız Bulaye Dia qolla yadda qalıb. “Fiorentina” – “Salernitana” 2:1.
Turun ən böyükhesablı qələbəsi isə “İnter” – “Bolonya” oyununda qeydə alınıb. Federiko Dimarkonun dubl etdiyi görüşdə Edin Dzeko, Lautaro Martinez, Hakan Çalhanoğlu və Robin Qosens fərqləniblər. “Bolonya”dan isə Haralambos Likoyannis rəqib qapısına yol tapıb. “İnter” – “Bolonya” 6:1.
Beləliklə, 14 turdan sonra 38 xalı olan “Napoli” turnir cədvəlinin vahid lideridir. “Milan” 30 xalla ikinci pillədədir. “Latsio”, “İnter” və “Atalanta” 27 xalla müvafiq olaraq 3-5-ci yerləri bölüşür.