Türkiyə Super Liqasının 13-cü turunda “Kasımpaşa” doğma meydanda paytaxt təmsilçisi “Ankaragücü” ilə üz-üzə gəlib. Qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb. Fasilədən sonra qonaqlar rəqib qapısına yol tapsa da VAR-dan gələn qərara əsasən qol qeydə alınmayıb. Çox keçmədən meydan sahibləri hesabı açıblar. Qapıçı Bahadır Güngördünün kobud səhvindən sonra cərimə meydançasında yaranan qarışıqlıqdan Benqali-Fode Koyta məharətlə istifadə edib. Qarşılaşmanın sonlarında Ankara klubu məğlubiyyətdən xilas olub. Anastasios Hatsicovaniç komandasına 1 xal qazandırıb: “Kasımpaşa” – “Ankaragücü” 1:1.
Super Liqanın debütantı “Ümraniyəspor” isə “Alanyaspor”la qarşılaşıb. Görüşdə hesab 21-ci dəqiqədə açılıb. Umut Nayir meydan sahiblərini irəli çıxarıb. Çox keçmədən Alanya təmsilçisi ikinci dəfə mərkəzə dəvət olunub. Jeraldonun zərbəsi qarşısıalınmaz olub. İkinci hissədə qonaqlar fərqi minimuma endiriblər. 56-cı dəqiqədə Uilson Eduardo komandasını ümidləndirib. Lakin 69-cu dəqiqədə Umut Nayir özünün ikinci, komandasının isə üçüncü qolunu vuraraq rəqibin bütün şanslarını minimuma endirib. “Ümraniyəspor” – “Alanyaspor” 3:1. Beləliklə, 6 xalla autsayder olan “Ümraniyəspor” Super Liqada ilk dəfə qələbə qazanıb.