Avropa liqasının C qrupunda mübarizə aparan “Roma” doğma meydanda “Ludoqorets”lə qarşılaşıb. Hesabı Bolqarıstan klubunun heyətində Rik açsa da, “Roma” futbolçuları dönüş edə biliblər. Əvvəlcə 56-ci dəqiqədə Lorentso Pelleqrini penaltini dəqiq yerinə yetirib. Çox keçmədən “Ludoqorets”in qapısına yenidən 11 metrlik zərbə təyin olunub. İtaliyalı futbolçu bu dəfə də hədəfdən yayınmayıb. Görüşün sonuna yaxın isə Nikolo Zaniolo yekun nəticəni müəyyənləşdirib: Roma-Ludoqorets 3:1

Beləliklə Roma 10 xalla qrup 2-cisi kimi pley-ofa yüksəlib. Finlandiyanın HİK komandasını 3:0 hesabilə məğlub edən Betis 16 xalla lider olub. “Ludoqorets” isə Konfrans Liqasında mübarizə aparacaq.

İtaliyanın F qrupunda çıxış edən daha bir komandası “Latsio” isə Niderland səfərində “Feyenoord”a məğlub olub. Meydan sahiblərinin yeganə qolunu Santiaqo Ximenes vurub.  Qrupun digər oyununda “Mityulland” “Şturm Qrats”a 2:0 hesabilə qalib gəlib. Bu nəticələrdən sonra bütün komandalar eyni sayda – 8 xal toplayıblar.  Daha çox qol vuran “Feyenoord” lider kimi pley-offa yüksəlib. “Mityulland” 2-ci olub. Top fərqinə görə 3-cü olan “Latsio” mübarizəni Konfrans Liqasında davam etdirəcək.