UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. 6-cı turun son oyun günündə maraqlı qarşılaşmalar keçirilib.
F Qrupunda lider “Real” Madrid “Santiaqo Bernabeu Stadionunda “Seltik”lə üz-üzə gəlib. İlk hissədə meydan sahibləri rəqib qapısından 2 cavabsız top keçiriblər. 6-cı dəqiqədə Luka Modriç, 21-ci dəqiqədə isə Rodriqo penalti zərbəsindən fərqlənməklə “kral” klubunu irəli çıxarıblar. Fasilədən sonra Marko Asensio, Vinisius Junior və Federiko Valverde fərqlənməklə hesabı 5:0-a çatdırıblar. Son dəqiqələrdə Jota meydan sahiblərinin qapısına yol tapsa da bu sadəcə təsəlli olub: “Real” Madrid – “Seltik” 5:1.
Qrupun paralel keçirilən qarşılaşmasında isə “Leypsiq” neytral meydanda Ukrayna təmsilçisi “Şaxtyor”un qonağı olub. İlk hissədə Kristofer Nukunku Almaniya təmsilçisini irəli çıxarıb. Fasilədən sonra Andre Silva və Dominik Soboslainin qolu, 68-dəqiqədə isə Valeri Bondarın avtoqolu sayəsində “Leypsiq” rəqibini 4:0 hesabı ilə məğlub edib. Bununla da, F qrupunda mübarizə yekunlaşıb. “Real” Madrid 13 xalla lider kimi pley-ofa yüksəlib. 12 xalı olan “Leypsiq” də mübarizəsinə Çempionlar Liqasından davam edəcək. “Şaxtyor Donetsk” 6 xalla Avropa Liqasına yollanıb. Autsayder “Seltik” isə Avrokuboklarla vidalaşıb.
G qrupunda “Kopenhagen” “Parken” Stadionunda “Borussiya” Dortmundla üz-üzə gəlib. Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin baş hakim olduğu oyunda qalib müəyyənləşməyib. Qarşılaşmada vurulan qollar ilk hissəyə təsadüf edib. 23-cü dəqiqədə Torqan Azar Dortmund klubunu irəli çıxarıb. Çox keçmədən Haukon-Arnar Haraldsson tarazlığı bərpa edib. “Kopenhagen” – “Borussiya” Dortmund 1:1.
Qrupun digər iştirakçıları “Mançester Siti” və “Sevilya” “Etihad” Stadionunda görüşüblər. Yarım saatın tamamında Rafa Mir İspaniya klubunu irəli çıxarıb. Fasiləyə öndə yollanan Xorxe Sampaolinin komandası ikinci hissədə qapısından 3 top buraxıb. Riko Luis, Xulian Alvarez və Riyad Mahrez “şəhərlilər”in qələbəsini təmin edib. “Mançester Siti” – “Sevilya” 3:1. Beləliklə, G qrupunda “Mançester Siti” 14, “Sevilya” isə 9 xalla 1/8 finala yüksəlib. 5 xalı olan “Sevilya” mübarizəyə Avroliqada davam edəcək. “Kopenhagen” isə turnirlə vidalaşıb.