Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
54 kq-da çıxış edən idmançı ilk görüşdə Moldova təmsilçisini 2:0 hesabı ilə məğlub edib. Ardınca serbiyalı Relya İvkoviçə də eyni hesabla qalib gələn Dadaşov 1/8 finalda Haktan Can üzərində inamlı qələbə qazanıb – 2:0. Növbəti görüşündə yerli idmançını mübarizədən kənarlaşdıran taekvondoçumuz yarımfinalda isveç taekvondoçusu Ebrahim Marvan ilə döyüşməli olsa da, rəqib zədə səbəbindən dayanq üzərinə çıxmayıb və Dadaşov texniki qələbə ilə finala yüksəlib. Həlledici qarşılaşma kifayət qədər gərgin alınıb. Niderlandlı Milan Millla ilə mübarizəni 2:1 hesabı ilə üstün bitirən Azərbaycan təmsilçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yığmanın aktivinə digər mükafatı isə Eltac Qafarov yazdırıb. 74 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz yarımfinaladək bütün rəqibiblərinə 2:0 hesabı ilə qalib gəlib. Lakin finala gedən yolda serbiyalı Stefan Takovla üz-üzə gələn taekvondoçumuz mübarizəni dayandırmalı olub və beləliklə bürünc mükafat qazanıb. Beləliklə, milli komanda 5 ildən sonra Avropa çempionatında yenidən medal qazanıb. Dadaşovun fəxri kürsünün ən yüksək pilləsinə qalxması ilə 21 yaşadək taekvondoçuların yarışında 9 ildən sonra Azərbaycan himni səsləndirilib. Qeyd edək ki, Avropa çempionatına sentyabrın 30-da yekun vurulacaq.