UEFA Millətlər Liqasının A divizionunun 2-ci qrupunda daha bir prinsipial qarşılaşma keçiriləcək. Söhbət Portuqaliya və İspaniya milli komandalarının görüşündən gedir. Bu kollektivlər arasında keçirilən ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Tərəflərin ümumən son 5 matçda qeyri-sabit çıxışını diqqətə çatdıran mütəxəssislər mövcud görüşün daha sürətli mübarizə şəraitində keçəcəyindən danışır. Heyətlərə nəzər saldıqda isə ciddi problemin olmadığını görə bilərik. Bircə Kriştiano Ronaldonun Çexiya ilə oyununda burunundan ciddi zədə almasından sonra İspaniya ilə vacib matça çıxıb-çıxmayacağı sual altındadır. Hazırda Portuqaliya 11 xalla qrup lideridir. 8 xalı olan İspaniya isə ikincidir. Turnir cədvəlindəki vəziyyət onu deməyə əsas verir ki, tərəflər arasında keçirilən son görüş həlledici xarakter daşıyacaq. Baş məşqçilər isə görüşdən əvvəl keçirilən mətbuat konfransında oyunla bağlı maraqlı fikirlər səsləndiriblər.
Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş: “Bizim komanda hər zaman meydana qələbə üçün çıxır. Keyfiyyətli futbolçularımız var. Hər biri vəzifəsinin nə olduğunu dərk edir. Ən əsası isə biz meydana Portuqaliya üçün çıxırıq. Bu çox böyük məsuliyyətdir. Görüşdə yeniliklər etməyə çalışacayıq. İspaniya meydanın hər bir nöqtəsində vəziyyətə yaxşı hakim olan bir kollektivdir. İşimiz çətindir amma öhdəsindən gələcəyik.”
İspaniya millisinin baş məşqçisi Luis Enrike: “Bu görüş finala bərabərdir. Bu matçı nəyin bahasına olursa-olsun qazanmalıyıq. Səfərdə meydana çıxmaq asan deyil. Üstüəlik Portuqaliyanın çox çılğın azarkeşlərinin olduğunu düşünsək rəqibimizin qat-qat üstün olduğunu deyə bilərəm. Qrupun taleyi həll olunur. Pley-offlara biz yüksəlmək istəyirik.”
Qeyd edək ki, Portuqaliya – İspaniya qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Görüşü Daniele Orsatonun rəhbərlik etdiyi italiyalı hakimlər briqadası idarə edəcək. Oyun Braqa şəhərinin “Munisipal” Stadionunda keçiriləcək.