UEFA Millətlər Liqasının B divizionunun 3-cü qrupunu lider kimi tamamlayan Bosniya Herseqovina komandası autsayder Rumıniya futbolçularının qonağı olub. C divizonuna düşən rumıniyalılar uğursuzluğa baxmayaraq sonuncu görüşdə azarkeşləri qarşısında parlaq qələbə qazanıblar. 38-ci dəqiqədə Dennis Man meydan sahiblərinin ilk qolunu vurub. 1-ci hissə minimal hesabla başa çatıb. Fasilədən sonra daha məhsuldar mübarizə qeydə alınıb. Maraqlıdır ki, 13 dəqiqə ərzində 4 qol vurulub. Əvvəlcə 73-cü dəqiqədə Corce Puşkaş Rumıniya millisinin üstünlüyünü möhkəmlədib. 4 dəqiqə sonra Edin Ceko fərqi minimuma endirsə də, qonaqların bundan artığına gücü çatmayıb. 79-cu dəqiqədə Andrey Ratsiu bosniyalıların qapısından 3-cü topu keçirib. Vaxtın yekunlaşmasına 4 dəqiqə qalmış isə Corce Puşkaş dubl edərək son nöqtəni qoyub: Rumıniya – Bosniya Herseqovina 4:1.

Monteneqro – Finlandiya görüşündə yalnız 2 qol vurulub. Qarşılaşma daha çox meydan sahiblərinin kobudluqları ilə əlamətdar olub. 17-ci dəqiqədə Marko Tomaşeviç 2-ci dəfə sarı vərəqəylə cəzalanaraq komandasını azlıqda qoyub. Finlandiya futbolçuları say üstünlüyündən fasilədən sonra yararlanıblar. 47-ci dəqiqədə Oliver Antman qonaqları önə çıxarıb. Çox keçmədən Benyamin Kelman Finlandiya seçməsinin 2-ci qolunu vurub. Qalan vaxtda hesab dəyişməyib. Beləliklə finlandiyalılar səfərdə Monteneqro yığmasını 2:0 hesabilə məğlubiyyətə uğradıblar. Bosniya Herseqovina komandası 11 xalla 3-cü qrupun lideri olub. Finlandiya seçməsi 8 xalla 2-ci, Monteneqro kollektivi 7 xalla 3-cü yeri tutub. Rumıniya yığması isə 7 xalla sonuncu olaraq C divizionuna düşüb.