27 sentyabr – vətən uğrunda canını fəda etmiş igidlərimizin anım günü, haqq mübarizəmizə başladığımız gündür. Uzun illər guya sülh istədiyini desə də, vaxtaşırı atəşkəsi pozan Ermənistan 2 il əvvəl daha bir təxribata əl ataraq təcavüzkar xislətini bir daha nümayiş etdirdi. Artıq düşməni birdəfəlik susdurmağın vaxtı çatmışdı. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında həyata keçirilən “Dəmir yumruq” əks-hücum əməliyyatı bütün suallara aydınlıq gətirdi.

Vətən sevgisinin qüdrətini hamımız duya bilərik. Doğma torpaqlarımız uğrunda canından keçən şəhidlərimiz isə bu ülvi hislərin ən zirvə nöqtəsinə çatanlardır. Onlar əbədi qəhrəmanlarımız,    vətənpərvərlik, qorxmazlıq və cəsarət nümunəsidir. Doğma vətən uğrunda döyüşən, şəhadət zirvəsinə ucalan igidlərimiz arasında idmançıların da sayı kifayət qədərdir.

28 illik işğala 44 günə son qoyuldu. Belə qısa vaxt ərzində qazanılan parlaq qələbə qüdrətli Ermənistan və onun güclü ordusu mifini tar-mar etdi. Azərbaycan isə doğma torpaqlarını düşmən tapdağından azad etməklə yanaşı, müasir dövrdə hərbi əməliyyatları necə aparmaq lazım olduğunu bütün dünyaya göstərdi. 

İdman ictimaiyyətinin 988 nümayəndəsi 2-ci Qarabağ müharibəsində iştirak etdi. Onlardan 320-si şəhid oldu. 117 nəfər isə döyüşlərdə yaralanaraq qazi adını qazandı.

Namərd düşmən sarsıdıcı məğlubiyyətdən nəticə çıxarmaq əvəzinə 2 il sonra yenə təxribatlara əl atdı. “Dəmir yumruq” bir daha birləşərək avqustda təxribatın “Qisası”nı aldı, sentyabrda isə düşmənə “Qətiyyətli cavab” verdi. Bu ərəfədə yunan-Roma güləşçimiz Taleh Məmmədovun dünya çempionatında erməni rəqibilə görüşdə etdikləri sanki Azərbaycanın  Ermənistana qarşı dünyada nüfuzunu özündə cəmləmişdi. Alnıaçıq, məğrur pəhləvanımız Taleh Məmmədov    Qraçya Poqosyanın ayaqlarını yerdən üzəndən sonra onu təxminən 15 saniyə belə vəziyyətdə qucağında gəzdirdi. Daha sonra isə xalçadan kənara çıxararaq kürəyini yerə vurdu. Poqosyan nə qədər çırpınsa da, çətin vəziyyətdən qurtula bilmədi. Yekunda Taleh Məmmədov inamlı qələbəylə dünya çempionatının bürünc medalına yiyələndi.

“Qarabağ – Azərbaycandır” şüarı ilə  yola çıxan yenilməz ordumuz müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında tarixi ədaləti bərpa etdi. İdman arenalarında parlaq qələbələr qazanan atletlərimiz isə lazım gələndə döyüş meydanında da mübarizə aparmağa hazır olduqlarını göstərdilər. Bu, vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşımızın vahid “dəmir yumruq” altında birləşdiyini bir daha sübut etdi.

Son hadisələr onu göstərdi ki, “Dəmir yumruğ”umuz həmişəki kimi yerindədir. Biz qan tökülməsini istəmirik, biz sülhün tərəfdarıyıq. Amma düşmən heç nəyə məhəl qoymayaraq təxribatlarını davam etdirəcəksə, bunun cavabını mütləq alacaq. 44 günlük qəhrəmanlıq dastanı yazılarkən şəhid olan hər bir igid oğlumuza Allahdan rəhmət diləyirik. Borcunuzu heç vaxt ödəyə bilməyəcəyik. Əziz və müqəddəs ruhunuz qarşısında baş əyir, sizə təşəkkür edirik!