Azərbaycan millisinin qatılacağı Avropa Olimpiya Təsnifat Turnirinin keçiriləcəyi şəhər bəlli olub

2 Noyabr, 13:32 Sosial mediada paylaşın:
Voleybol üzrə kişi və qadınlar arasında Avropa Olimpiya Təsnifat turnirlərinin ev sahibləri və yarışların keçirilmə vaxtları dəqiqləşib. 
 
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin də çıxış edəcəyi şəhər və qrup müəyyənləşib. 
 
Hollandiyanın Apeldorn şəhərində baş tutacaq turnir 7 - 12 yanvar 2020-ci ilə təsadüf edəcək. 8 ölkənin mübarizə aparacağı yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına Avropadan son iştirakçının adını müəyyənləşdirəcək. Bu “səkkizlik” isə axırıncı qitə çempionatının nəticələrinə əsasən bəlli olub.
 
Azərbaycan millisi A qrupunda Hollandiya, Bolqarıstan və Polşaya qarşı oynayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika yer alacaq. Turnirin qalibi olimpiadaya vəsiqə qazanacaq. 
 
Kişilərin mübarizəsi isə 5 - 10 yanvarda Almaniyanın paytaxtı Berlində baş tutacaq. Burada ev sahibləri ilə yanaşı, Belçika, Bolqarıstan, Çexiya, Fransa, Hollandiya, Serbiya və Slovakiya gücünü sınayacaq.