Voleybol üzrə Azərbaycan çempionatı start götürür

11 Dekabr, 16:17 Sosial mediada paylaşın:
Voleybol üzrə Azərbaycan çempionatında iştirak edəcək komandalar dəqiqləşib. Yarış dekabrın 14-də başlanacaq. Bundan başqa qadınlardan ibarət millinin məşqçilər heyəti də formalaşıb.
Azərbaycan Voleybol Federasiyanın birinci vitse-prezidenti Faiq Qarayev ölkə çempionatı barədə açıqlama verib. Bildirilib ki, kişilərin yarışında “Sərhədçi”, OİK, “Neftçi”, “Lokomotiv”, “Xilasedici”, “Azərreyl” və Gürcüstan yığması mübarizə aparacaq.
Qadınların çempionatında isə 6 komanda mükafatlar uğrunda yarışacaq. Bunlar “İqtisadçı”, “Lokomotiv”, “Abşeron”, “Mübariz”, “Azərreyl” və Gürcüstan komandasıdır. Dekabrın 14-də başlanacaq ölkə çempionatının oyunları Hövsan Olimpiya Kompleksi, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, “Lokomotiv”, Azərbaycan Voleybol Federasiyasının, eləcə də Fövqaladə Hallar Nazirliyinin idman zalında keçiriləcək. 2 dövrəlik dairəvi sistem üzrə keçiriləcək yarışın final mərhələsi isə Bakı İdman Sarayında təşkil olunacaq.
Federasiyanın birinci vitse-prezidenti həmçinin qadın voleybolçulardan ibarət milli komandanın məşqçilər heyətinin formalaşdığını da açıqlayıb. Faiq Qarayevin məsləhətçi olacağı yığmanı Famil Ağayev, Vasif Tаlıbov və Eldar Yusubov çalışdıracaqlar. Komandanın meneceri isə Oksana Parxomenkodur.
Qeyd edək ki, millimizin ilk sınağı Niderlandda Avropa olimpiya təsnifat turniri olacaq.  Gələn ilin yanvarın 7-dən 12-dək keçiriləcək yarışda komandamız A qrupunda Niderland, Bolqarıstan və Polşa yığmaları ilə mübarizə aparacaq. Turnirin qalibi  2020-ci il  Tokiyo Yay olimpiya Oyunlarına vəsiqə qazanacaq.