La Liqada 15-ci turun son oyununda qalib müəyyənləşmədi

3 Dekabr, 12:30 Sosial mediada paylaşın:
İspaniya La Liqasının 15-ci turunun qapanış matçında “Sevilya” və “Osasuna” komandaları üz-üzə gəliblər.
“Ramon Sançes Pisxuan” stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib. İlk hissəni qolsuz başa vuran komandalar ikinci yarıda azarkeşlərini sevindiriblər. Matçın 69-cu dəqiqəsində “Osasuna” hesabda önə çıxıb. Ante Budimir fərqlənib. Xorvatiyalı hücumçu Xesus Aresonun ötürməsini başla qola çevirib. Lakin meydan sahiblərinin cavabı gecikməyib. 3 dəqiqə sonra Dodi Lukobakio qapıçını da keçərək, topu boş qapıya göndərib. Oyunun qalan dəqiqələrində hesab dəyişməyib və komandalar hərəyə bir xalla kifayətləniblər.
Qeyd edək ki, bu turdan sonra “Barselona” 34 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən bir xal geri qalan “Real Madrid” ikinci, aktivində 32 xal olan “Atletiko” isə 3-cü pillədə qərarlaşıb. Görüşün iştirakçılarına gəlincə, “Osasuna” 23 xalla 7-ci, “Sevilya” isə 19 xalla 11-cidir.

CANLI YAYIM