Lando Norris Sinqapur Qran-prisinin qalibi olub

23 Sentyabr, 11:30 Sosial mediada paylaşın:
Formula 1 üzrə mövsümün 18-ci Qran-prisi başa çatıb.
Sinqapurun “Marina Bey” trasında poul qazanan “Maklaren” pilotu Lando Norris həlledici yarışda da üstünlüyünü qoruyub. Britaniyalı pilot 62 dövrəni 1 saat 40 dəqiqə 52,5 saniyəyə qət edərək komandasına ardıcıl ikinci qələbəsini qazandırıb. Xatırladaq ki,  Azərbaycan Qran-prisində Norrisin komanda yoldaşı Oskar Piastri finiş xəttini birinci keçmişdi. Landodan 20,9 saniyə geridə qalan “Red Bull” pilotu Maks Ferstappen ikinci olub. Yeri gəlmişkən, 3 qat dünya çempionu son 8 yarışda qələbə qazana bilmir. Bu müddət ərzində 2 dəfə fəxri kürsünün ən üst pilləsinə qalxan Oskar Piastri isə Sinqapurda  3-cü yerlə kifayətlənməli olub. “Mersedes”i təmsil edən Corc Rasselllə Lüis Hemilton müvafiq olaraq 4 və 6-cı yerləri tutub. “Ferrari”dən isə Şarl Lekler 5-ci, Karlos Sayns 7-ci olub. “Haas” sürücüsü Kevin Maqnussenlə “Uilyams”dan Aleksander Albon yarışı tamamlaya bilməyib. Şəxsi birinciliyə gəlincə, Maks Ferstappen 331 xalla liderliyini davam etdirir. Ondan 52 xal geridə qalan Lando Norris 2-ci sırada qərarlaşıb. 245 xalı olan Şarl Lekler isə 3-cüdür. Mühəndislər Kubokuna isə 516 xalla “Maklaren” başçılıq edir. 475 xal toplayan “Red Bull” 2-ci, 441 xalı olan “Ferrari” isə 3-cü yeri tutub. Növbəti Qran-pri oktyabrın 19-u və 20-də Amerika Birləşmiş Ştatlarının  Ostin şəhərində keçiriləcək.

CANLI YAYIM