Paris olimpiadasında zədələnən Azərbaycan taekvondoçusu 21 günə tam bərpa olunacaq

15 Avqust, 14:14 Sosial mediada paylaşın:
Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında zədələnən Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun (58 kq) son durumu müəyyənləşib.
Bu barədə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev məlumat verib.
Federasiya rəsmisi idmançıya final görüşündən sonra ilkin tibbi yardım göstərildiyini xatırladıb:
"Növbəti gün həkim lazım olan iynələri vurdu. Dizindən aşağı hissədə zədə alıb. Bakıda MRT-dən (Maqnit rezonans tomoqrafiya) keçdi. Əzələsində yırtıqlar var. Həkimlərin verdiyi məlumata görə, işləməyən əzələ olduğu üçün 21 gün ərzində tam bərpa olunacaq".
N.Paşayev Paris-2024-ün gümüş mükafatçısının ilin sonunda Çində baş tutacaq Qran-pri finalında iştirakının gözlənildiyini bildirib:
"Olimpiadada bir idmançımız olduğu üçün Qaşım Maqomedovun üzərində işləməyə məcbur idik. İlin əvvəlindən Cənubi Koreya, İordaniya və Türkiyədə beynəlxalq təlim-məşq toplanışlarına qatıldıq. Azərbaycana da xarici ölkələrdən sınaqçı-rəqiblər çağırdıq. Qaşım olimpiadada öz məharətini göstərdi. Medal qazanmaq üçün əzmkarlıq nümayiş etdirdi. Finalda zədələnməsəydi, bu, olimpiadanın ən maraqlı görüşlərindən biri olacaqdı".
Qeyd edək ki, Qaşım Maqomedov Cənubi Koreya təmsilçisi Park Taejoonla final qarşılaşmasında zədələndiyi üçün gümüş medalla kifayətlənib.

CANLI YAYIM