Paris Olimpiadasında 13-cü gün geridə qalıb. Qadınlar arasında marafon üzgüçülüyündə niderlandlı Şaron van Rauvendel 10 km məsafəni hamıdan öndə qət edərək karyerasında ikinci dəfə olimpiya çempionu olub. 2016-cı ildə Rioda fəxri kürsünün üst pilləsinə qalxan 3 qat Avropa və 7 qat dünya çempionu Tokioda gümüş medalla kifayətlənmişdi. Bu dəfə isə avstraliyalı Moeşa Conson 2-ci yerə sahib çıxıb. İtaliyalı Cinevra Tadeuççi isə bürünc medal qazanıb.
Yüngül atletika yarışlarında isə idmançılar 5 dəst medal uğrunda mübarizə aparıb. Kişilərin nizə atma yarışında Ərşad Nadim diqqət mərkəzinə düşüb. O, nizəni 92,97 metr məsafəyə göndərərək yeni olimpiya rekordu müəyyənləşdirib. Bununla yanaşı, Nadim Olimpiadalar tarixində ilk dəfə Pakistana atletika yarışında qızıl medal qazandırıb. Buna qədər tarixdə Pakistan 3 dəfə Olimpiadada baş mükafata sahib çıxıb ki, bunların hamısı otüstü xokkey yarışlarına təsadüf edib.
Kişilər arasında 200 metr məsafəyə qaçış yarışında isə Letsile Teboqo Botsvanaya Olimpiadalar tarixidə ilk qızıl medal sevinci bəxş edib. 21 yaşlı atlet 19,46 saniyəlik göstərici ilə bu yarışda qalib gələn ilk afrikalı idmançı kimi də adını tarixə yazdırıb. Amerika Birləşmiş Ştatlarından Kennet Bednarek ikinci, daha bir amerikalı Noa Laylz isə 3-cü olub. Yeri gəlmişkən, Laylz koronavirus diaqnozu ilə mübarizə aparıb. Yarış başa çatdıqdan sonra onu xərəklə arenadan çıxarıblar. 110 metr məsafəyə maneələrlə qaçış yarışında isə amerikalı Qrant Hollouey 12,99 saniyə ilə karyerasında ilk dəfə olimpiya çempionu olub. Daha bir amerikalı Daniel Roberts gümüş medal qazanıb. Yamaykalı Raşid Brodbell fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Qadınlar arasında uzunluğa tullanma yarışında isə ABŞ idmançısı Tara Devis-Vudholl 1-ci yeri tutub. Almaniyalı Malayka Mixambo 2-ci, amerikalı Jasmin Mur 3-cü olub. 400 metr məsafəyə maneələrlə qaçış yarışında isə yenə ABŞ təmsilçisi Sidni Maklaflin-Levron 50,37 saniyəlik göstərici ilə yeni dünya rekordu müəyyənləşdirib. Onun həmyerlisi Anna Kokrell 2-ci yeri tutubsa, Niderland atleti Femka Bol 3-cülüklə kifayətlənib
Ağır atletika yarışlarında isə iki kateqoriyada qaliblər müəyyənləşib. Qadınlar arasında 59 kq çəki dərəcəsində mübarizə aparan çinli dünya çempionu Lo Şifan bu dəfə olimpiadada qələbə sevinci yaşayıb. 23 yaşlı idmançı birdən qaldırmada 107, təkanla qaldırmada 137, ümumilikdə isə 241 kiloqramlıq göstərici ilə 3 kateqoriyada olimpiya rekordu müəyyənləşdirib. Kanadalı Mod Şarron gümüş, tayvanlı Ko Xsin Çun bürünc medala yiyələnib. Kişilər arasında 73 kq çəki dərəcəsində qalib gələn Rizki Cuniansya isə İndoneziya tarixinə düşüb. O, tarixdə ilk dəfə ağırlıqqaldırmada bu ölkəyə qızıl medal qazandırıb. Maraqlıdır ki, indiyə qədər Uzaq Şərq ölkəsi tarixi ərzində 8 olimpiya çempionu yetirşdirib ki, bunların hamısı da badminton yarışlarında uğur qazanan idmançılar olub.