Zelim Kotsoyev olimpiya çempionu oldu

2 Avqust, 11:18 Sosial mediada paylaşın:
Paris Olimpiadasında cüdo yarışları davam edir.
100 kq çəkidə çıxış edən cüdoçuların yarışında təmsilçimiz Zelim Kotsoyev mübarizəyə başlayıb. Öz çəkisində dünya reytinqinin lideri olan Kotsoyev yarışa 1/8 final mərhələsindən başlayıb. Polşalı Pyotr Kuçera ilə üz-üzə gələn təmsilçimiz rəqibini məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Növbəti mərhələdə İsraildən olan Peter Palçiki mübarizədən kənarlaşdıran Zelim yarımfinalda iştirak haqqı əldə edib. Finalın bir addımlığında özbəkistanlı Muzafferbek Turoboyevlə üz-üzə gələn idmançımız 1 vaza-ari xalı ilə rəqibini üstələyərək yarışların həlledici mərhələsinə vəsiqə qazanıb. Zelim Kotsoyev qızıl medal uğrunda görüşdə gürcü İlya Sülimanidze ilə üz-üzə gəlib. 2023-cü il Avropa çempionatının finalında da gürcüstanlı rəqibini məğlub edən idmançımız bu dəfə də ümidləri doğruldub. 4 dəqiqəlik mübarizənin yekununda hesabda geridə olmasına baxmayaraq rəqibin passiv çıxış etməsi sayəsində hakimlər gürcü idmançını han-soku-make ilə cərimələyərək diskvalikasiya edib. Bununla da Zelim Kotsoyev Olimpiya çempionu olaraq Fransanın paytaxtında himnimizi səsləndirib. Qeyd edək ki, cüdo yarışlarında bundan başqa təkcə 100 kqdan ağır çəkidə Uşanqi Kokauri mübarizə aparacaq.

CANLI YAYIM