Hidayət Heydərov Fransa paytaxtında olimpiya çempionu oldu

30 İyul, 10:06 Sosial mediada paylaşın:
Azərbaycan millisi Paris Olimpiya Oyunlarında ilk mükafatı qazanıb.
Dünya və Avropa çempionu cüdoçumuz Hidayət Heydərov etimadı doğruldaraq qızıl medalın sahibi olub. 27 yaşlı idmançımız startda israilli atletlə üz-üzə gəlib. Rəqib əlavə vaxtda 3-cü xəbərdalıqdan sonra mübarizəni dayandırıb. 1/4 finalda kanadalı cüdoçuyla qarşılaşan Hidayət əlavə vaxtda ipponla qalib gəlib. Finala çıxmaq uğrunda görüşdə isə idmançımızın rəqibi kosovalı Akil Qyakova olub. Əlavə vaxtda vazari xalıyla qələbə qazanan atletimiz finala vəsiqə əldə edib. Hidayət Heydərov olimpiya qızılı uğrunda görüşdə fransalı Joan Benjamen Qaba ilə qarşılaşıb. Dördqat Avropa və dünya çempionumuz Hidayət Heydərov finalda da qələbə qazanaraq Paris olimpiadasının qızıl medalına yiyələnib. Beləliklə millimizin Fransa paytaxtında qazandığı ilk mükafat qızıl əyyarlı olub. Ötən il Hidayət Heydərovun Avropa çempionluğu şərəfinə Fransanın Monpelye şəhərində səsləndirilən himnimiz bu dəfə idmançımızın Olimpiya çempionluğu şərəfinə səsləndirilib, bayrağımız zirvədə dalğalandırılıb.

CANLI YAYIM