Oskar Piastri Macarıstan Qran-prisinin qalibi oldu

22 İyul, 11:15 Sosial mediada paylaşın:
İdman TV ilə canlı yayımlanan Formula 1 üzrə mövsümün 13-cü Qran-Prisinə yekun vurulub.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən final mərhələsi maraqlı mübarizə şəraitində keçib. Yarış start götürən kimi “Maklaren”in üzvü Oskar Piastri poulu qazanan komanda yoldaşı Lando Norrisi geridə qoyub. Avstraliyalı pilot  sona qədər liderliyini qoruyaraq karyerasında ilk qələbəsini qazanıb. Piastri 70 dövrəni 1 saat 38 dəqiqə 1 saniyəyə qət edib. Lando Norris isə liderdən 2,1 saniyə geridə qalaraq mübarizəni 2-ci sırada başa vurub. Bununla da, “Maklaren” tarixində 49-cu dəfə dublla yadda qalıb. Böyük Britaniya komandası sonuncu dəfə 2021-ci ildə İtaliya Qran-prisində belə nəticə ilə diqqət mərkəzinə düşmüşdü. “Mersedes”i təmsil edən Lüis Hemilton isə 3-cü yeri tutaraq karyerasında 200-cü dəfə fəxri kürsüyə yüksəlməyi bacarıb. Hemilton finiş xəttini liderdən 14,8 saniyə keçib. Yarış 3 qat dünya çempionu Maks Ferstappen üçün uğursuzluqla yekunlaşıb.Son iki yarışda qalib gələ bilməyən “Red Bull” pilotu bu dəfə finişi 5-ci keçib. “Ferrari” pilotları Şarl Leklerlə Karlos Sayns isə müvaifiq olaraq 4-cü və 6-cı yerləri tutub. Şəxsi birinciliyə gəlincə, Maks Ferstappen 265 xalla liderliyini davam etdirir. Ondan 76 xal az toplayan Lando Norris ikinci sırada qərarlaşıb. Şarl Lekler isə 162 xalla 3-cüdür. Mühəndislər Kubokuna da 389 xalı olan “Red Bull” başçılıq edir. İkinci sırada qərarlaşan “Maklaren”in 338, 3-cü yeri tutan “Ferrari”nin 322 xalı var. Növbəti yarış həftəsonu Belçikada keçiriləcək.

CANLI YAYIM