Maks Ferstappen İspaniya Qran-prisinin qalibi oldu

24 İyun, 14:35 Sosial mediada paylaşın:
Formula 1 üzrə mövsümün 10-cu Qran-prisi başa çatıb.
İspaniyanın Barselona şəhərində keçirilən yarışın həlledici mərhələsində sürət həvəskarları son 3 mövsümdə dəfələrlə təkrarlanan ssnearinin şahidi olub. Çempionatın lideri Maks Ferstappen növbəti dəfə azarkeşlərini sevindirib. 3-cü dövrə liderliyi ələ alan “Red Bull”un üzvü 66 dövrəni 1 saat 28 dəqiqə 20,2 saniyəyə qət edərək bu mövsüm 7-ci dəfə finiş xəttini birinci keçib. Bununla yanaşı niderlandlı pilot karyerasında 61-ci, Barselonada isə 4-cü qələbəsini qeyd edib. Ondan 2,2 saniyə geridə qalan “Maklaren” sürücüsü Lando Norris ikinci yeri tutub.  Bu mövsüm 6-cı dəfə fəxri kürsüyə yüksələn britaniyalı karyerasında 19-cu dəfə ilk 3-lüyə düşməyi bacarıb. “Mersedes” pilotu Lüis Hemillton isə Ferstappendən 17,7 saniyə geriyə düşərək mübarizəni 3-cü sırada tamamlayıb. Maraqlıdır ki, karyerasında 198-ci dəfə podium sevinci yaşayan 7 qat dünya çempionu bu mövsüm ilk dəfə fəxri kürsüyə yüksəlib. Yarış “Ferrari” pilotları üçün o qədər də uğurlu alınmayıb. Şarl Lekler finiş xəttini 5-ci, Karlos Sayns isə 6-cı keçib. Son vaxtlar ümidləri doğrultmayan Maksın komanda yoldaşı Serxio Peres isə 8-ci pillədə qərarlaşıb.
Şəxsi birinciliyə gəlincə, Ferstappen 219 xalla liderliyi davam etdirir. 150 xal toplayan Lando Norris 2-ci sıraya yüksəlib. Şarl Lekler isə 148 xalla 3-cü sıraya enib. Mühəndislər Kubokunda isə dəyişiklik olmayıb. “Red Bull” 330 xalla liderliyini möhkəmlədib. Bu komandadan 60 xal az toplayan “Ferrari” ikinci, 237 xalı olan “Maklaren” 3-cüdür. Növbəti Qran-pri həftəsonu Avstriyada keçiriləcək.

CANLI YAYIM