"Olimpiakos" "Aston Villa"nı Birmingemdə şoka saldı

3 May, 12:30 Sosial mediada paylaşın:
UEFA Konfrans Liqasında yarımfinal başlanıb. Ötən mövsümün finalçısı “Fiorentina” İtaliyada “Brügge”ni qəbul edib. Azarkeşlər ilk hissədə 3 qol görüblər. 5-ci dəqiqədə Rikardo Sottil meydan sahiblərini irəli çıxarıb. Lakin çox keçmədən tarazlıq bərpa olunub. Qonaqlardan Hans Vanaken penaltidən yararlanıb. 37-ci dəqiqədə “Fiorentina” yenidən üstünlük qazanıb. Bu dəfə Andrea Belotti diqqət mərkəzinə düşüb. Fasilədən sonra “Brügge” azlıqda qalıb. Rafael Onyedika 3 dəqiqə ərzində 2 dəfə sarı vərəqəylə cəzalanaraq meydandan çıxarılıb. Buna baxmayaraq Belçika komandası hesabı bərabərləşdirməyə nail olub. İqor Tyaqo hesabı 2:2 edib. Say üstünlüyü sayəsində oyuna nəzarət edən “Fiorentina” qələbə qolunu sona yaxın vurub. Əlavə olunan dəqiqədə Mbala Nzola mübarizəyə nöqtə qoyub - 3:2. Cavab oyunu mayın 8-i olacaq.
“Aston Villa” – “Olimpiakos” görüşü də məhsuldar alınıb. Birmingem təmsilçisi doğma azarkeşləri önündə gözlənilmədən uduzub. Qonaqlar Eyub EL Kabinin dublu ilə üstünlük qazanıb. Fasilə ərəfəsində Olli Votkins fərqi minimuma endirib. 52-ci dəqiqədə Leon Beyli hesabı bərabərləşdirsə də, az sonra  “Olimpiakos” daha 2 qol vuraraq yerli azarkeşləri məyus edib. Əvvəlcə El Kabi het-trik müəllifi olub. Bundan başqa Santyaqo Esse fərqlənib. Vaxtın yekunlaşmasına 6 dəqiqə qalmış meydan sahibləri 3-cü qolu vurmaq üçün əla fürsət qazansalar da, Duqlas Luis 11 metrlik zərbəni dəqiq yerinə yetirə bilməyib. Beləliklə “Olimpiakos” səfərdə “Aston Villa” 4:2 hesabilə məğlub edib. Cavab görüşü mayın 9-u keçiriləcək.

CANLI YAYIM