Hemilton "Mersedes"i "Ferrari"yə dəyişir

2 Fevral, 12:20 Sosial mediada paylaşın:
Formula 1 üzrə 7 qat dünya çempionu Lüis Hemilton yeni mövsümdən “Ferrari”də çıxış edəcək.
Bu barədə İtaliya komandası məlumatı yayıb. “Mersedes” pilotu yeni klubu ilə uzunmüddətli müqavilə imzalayacaq. Bu da o deməkdir ki, mövsümün sonunda Karlos Sayns “Ferrari”dən gedəcək. Yeri gəlmişkən, Avropa mətbuatının yazdığına görə, Hemilton “Mersedes”in inkişafından narazıdır. Britaniyalı pilot bu il də komandanın uğurlu çıxış etməyəcəyinə əmin olduğuna görə iş yerini dəyişmək qərarına gəlib. Əvəzində “Ferrari” bolidinin sürətini artırmaqla bağlı planlar qurur. Həmçinin komandanın sahibi Con Elkann Hemiltonun gəlişi ilə kollektiv daxilində əhval-ruhiyyəni yüksəltmək fikrindədir. Maraqlıdır ki, Lüsin keçidinin elan olunmasından sonra “Ferrari”nin səhmləri bir gün ərzində 10 faiz artıb.
Hemiltonun “Mersedes”i tərk etməsinə komandanın rəhbəri Toto Volf da münasibət bildirib:  “Biz həmişə bir-birimizlə çox yaxşı yola getmişik. Münasibətlərimiz idman tarixinə düşəcək qədər möhkəmdir. Hemilton həmişə “Mersedes”in bir parçası olacaq. Amma biz bilirdik ki, Lüis nə vaxtsa komandadan gedəcək. Onun yeni çağırışı qəbul etməsini anlayışla qarşılayırıq”.  Xatırladaq ki, Lüis 2013-cü ildən “Mersedes”in bolidini idarə edir. O komandanın heyətində 6 dəfə dünya çempionu olub. Buna qədər isə britaniyalı  1 dəfə “Maklaren” pilotu kimi bu sevinci yaşayıb. Ötən mövsüm Hemilton “Mersedes”in heyətində 234 xal toplayaraq 3-cü yeri tutub.

CANLI YAYIM