Mövsümün son yarışında da Maks Ferstappen qalib gəldi

27 Noyabr, 16:00 Sosial mediada paylaşın:
Formula 1 üzrə mövsümün son Qran-prisinə yekun vurulub.
Əbu-Dabinin “Yas Marina” avtodromunda keçirilən yarışın final mərhələsində azarkeşlər növbəti dəfə Maks Ferstappenin inamlı çıxışına şahidlik edib. “Red Bull”da çıxış edən 3 qat dünya çempionu mövsümün 22-ci yarışında 19-cu qələbəsini qazanaraq bu göstəricidə öz rekordunu yeniləyib.  Mübarizəyə ilk sıradan başlamaq imkanı əldə edən niderlandlı pilot 58 dövrəni 1 saat 27 dəqiqə 2 saniyəyə qət edərək finiş xəttini birinci keçib. Yeri gəlmişkən, mövsümdə 22 yarışdan 21-də uğur qazanan “Red Bull” 95,45 qələbə faizi ilə Formula 1-də yeni rekord müəyyənləşdirib. Buna qədər ən yaxşı göstərici “Maklaren”ə məxsus idi. Böyük Britaniya komandası 1988-ci ildə keçirdiyi yarışların 93,75 faizində qalib gəlmişdi.  Bu Qran-pridə Ferstappendən 17,9 saniyə geridə qalan “Ferrari” üzvü Şarl Lekler 2-ci yeri tutub. Liderdən 20,38 saniyə geriyə düşən “Mersedes” pilotu Corc Rassell isə mübarizəni 3-cü sırada tamamlayıb. Yarışı yalnız “Ferrari” pilotu Karlos Sayns sona qədər tamamlaya bilməyib.
Şəxsi birinciliyə gəlincə, Maks Ferstappen mövsümü 575 xalla birinci sırada başa vurub. 2-ci yeri tutan Serxio Peres 285, 3-cü yerdə qərarlaşan “Mersedes”in 7 qat dünya çempionu Lüis Hemilton 234 xal toplayıb. Mühəndislər Kubokunu qazanan “Red Bull” isə mövsümü 860 xalla bitirib.  “Mersedes” 409 xalla ikinci, 406 xal yığan “Ferrari” isə 3-cü olub.

CANLI YAYIM