Monteneqronun Budva şəhərində 22 yaşadək boksçuların Avropa birinciliyində daha 4 boksçumuz yarımfinala yüksəlib.
Marjona Savriyevadan sonra daha 4 təmsilçimiz ən azı bürünc mükafatı təmin edib. 48 kqda Tural Sarıyev 1/4 finalda irlandiyalı Padraiq Dovneyi 5:0 hesabı ilə məğlub edib. O, yarımfinalda Rusiya idmançısı ilə döyüşəcək. 51 kqda italiyalı rəqibini 5:0 hesablı qələbə ilə mübarizədən kənarlaşdıran Avropa çempionu Nicat Hüseynov finala gedən yolda türkiyəli Semih Gümüşlə üz-üzə gələcək. 57 kqda Əzrək Bəbirov 1/4 finalda irlandiyalı Pirs Keridən üstün olub. O, növbəti görüşündə Rusiyanı təmsil edən Rafiq Əmirxanovla üz-üzə gələcək. 80 kqda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən Murad Allahverdiyev Almaniya boksçusu Delil Dadayevə 4:1 hesabı ilə qalib gəlib. Milli üzvü yarımfinalda fransalı Yojerlin Sesarla qarşılaşacaq.