Qadın voleybolçuların Millətlər Liqasına yekun vurulub.
Amerika Birləşmiş Ştatlarının Arlinqton şəhərində oynanılan final görüşündə Çin və Türkiyə seçmələri üz-üzə gəlib. Qarşılaşma "ay-ulduzlular"ın üstünlüyü şəraitində keçib. İlk seti Türkiyə yığması aktivinə yazdırıb. İkinci hissədə qələbə qazanan Çin millisi matça tarazlıq gətirib. Lakin Asiya təmsilçisinin bundan artığına gücü çatmayıb. Üçüncü və dördüncü setlərdə üstün olan Türkiyə voleybolçuları rəqibini 3:1 hesabı ilə məğlub edərək ilk dəfə Millətlər Liqasında ali mükafata sahib çıxıblar. Görüşü 26 xalla tamamlayan Melissa Varqas turnirin ən dəyərli oyunçusu seçilib.
Qeyd edək ki, Türkiyə seçməsinin Millətlər Liqasında indiyə kimi ən yaxşı nəticəsi gümüş medal olmuşdu. Qardaş ölkə komandası 2018-ci ildə finala yüksəlsə də, həlledici görüşdə Amerika Birləşmiş Ştatları yığmasına uduzmuşdu.