Ölkə çempionatında 5-ci tura start verilib.
Turun açılış matçı Qəbələ şəhər stadionunda keçirilib. Burada Gəncənin “Kəpəz” komandası çempion “Qarabağ”ı qonaq edib. İlk hissədə hər iki tərəf bir-birinin müqavimətini qırmağa çalışsa da səyləri nəticəsiz qalıb. Bir çox vəziyyətdə “Kəpəz”in qapıçısı Kamran İbrahimov komandasını qoldan xilas edib. Lakin 43-cü dəqiqədə Ağdam təmsilçisi rəqibin müqavimətini qıra bilib. Abdullah Zubir hesabı açıb. İkinci hissədə nominal meydan sahibləri azlıqda qalıblar. Tural Rzayev birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyü qazanan “Qarabağ” ələ düşən fürsəti dəyərləndirə bilməyib və matç minimal hesablı nəticə ilə bitib. “Kəpəz” – “Qarabağ” 0:1. Beləliklə, çempionatda maksimum nəticə göstərən “Qarabağ” 12 xalla liderliyə şərik olub. Qeyd edək ki, “Sabah”ın da aktivində 12 xalı var. Qarşılaşmanın ardından “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçla bağlı fikirlərini bölüşüb.