İngiltərə Premyer Liqasının 5-ci turunda “Çelsi” səfərdə “Sauthempton”la üz-üzə gəlib.
Qarşılaşmaya sürətli hücumlarla başlayan “zadəganlar” 23-cü dəqiqədə istəyinə nail olublar. “Sauthempton”un qapıçısı Qavin Bazunu, habelə müdafiəçi Romen Perronun kobud səhvindən sonra Rahim Sterlinq topu qapıdan keçirib. Lakin ruhdan düşməyən meydan sahibləri 5 dəqiqə sonra bərabərliyi təmin ediblər. Romeo Lavia cərimə meydançasının kənarından qüvvətli zərbə ilə çərçivəni dəqiq nişan alıb. Fasilə ərəfəsində “Southempton” futbolçuları fərq yaradıblar. Adam Armstronq komandasına qələbə qazandırıb: “Sauthempton” – “Çelsi” 2:1.