Türkiyənin İstanbul şəhərində UEFA Çempionlar liqası qrup mərhələsinin püşkü atılıb.
A qrupunda “Ayaks”, “Liverpul”, “Napoli” və “Reyncers” mübarizə aparacaq. B qrupunda “Portu”, “Atletiko”, “Bayer” və “Brügge” yarışacaq. “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Viktoriya” isə ən çətin qrupa düşüb. Çexiya klubu “Bavariya”, “Barselona” və “İnter”lə birlikdə C qrupundadır. UEFA Avropa Liqasının qalibi “Ayntraxt”, “Tottenhem”, “Sportinq”, “Olimpik Marsel”lə D qrupunda mübarizə aparacaq. Futbolçumuz Mahir Emrelinin şərəfini qoruduğu “Dinamo” Zaqreb, “Milan”, “Çelsi və “Zaltsburq”la E qrupundadır. F qrupunda yarışın qalibi “Real”, “Leyptsiq” , “Şaxtyor” və “Seltik”i görürük. G qrupunda “Mançester Siti”, “Sevilya”, “Borussiya” Dortmund və “Kopenhagen”i görürük. Nəhayət H qrupunda “Pari Sen-Jermen”, “Yuventus” ,”Benfika”, “Makkabi Hayfa” çıxış edəcək. Tədbirdə ötən mövsümün ən yaxşıları da mükafatlandırılıb. Qitənin ən nüfuzlu klub turnirində qızıl medala yiyələnən “Real” Madrid”in bombardiri Kərim Benzema ən yaxşı futbolçu adına layiq görülüb. Paytaxt klubuna rəhbərlik edən Karlo Ançelotti ötən mövsümün ən yaxşı baş məşqçisi seçilib. Qadın futbolçulardan isə “Barselona”nın şərəfini qoruyan Aleksiya Putelyas ən yaxşı oyunçu kimi fərqləndirilib.