“Qarabağ” daha bir tarixi nəticənin astanasındadır. Ağdam klubu bu gün 2-ci dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilər. “Köhlən atlar” bu uğura nail olmaq üçün Çexiyada “Viktoriya Plzen”i mübarizədən kənarlaşdırmalıdır. Xatırladaq ki, Bakıda keçirilən ilk oyunda komandamız inamlı təsir bağışlasa da, rəqibin müqavimətini qıra bilməmiş, yekunda qarşılaşma qolsuz heç-heçəylə başa çatmışdı. “Qarabağ”ın heyətində kapitan Maksim Medvedev və Kevin Medina bu matçda da zədəyə görə meydana çıxa bilməyəcəklər. “Vitkoriya”nın heyətində isə sarı vərəqə limitini dolduran Lukaş Heyda oynamayacaq. Vacib qarşılaşmadan əvvəl baş məşqçilər mətbuat konfransında fikirlərini bölüşüblər.
Qurban Qurbanov həmişə olduğu kimi yaxşı oyunla uğur qazanmaq istədiklərini deyib: "Hamımızın məqsədi yaxşı nəticə göstərərək, qrupa düşməkdir. Bu gün belə şansımız var. Rəqib də eyni fikirdədir. Əlimizə düşən şansdan maksimum istifadə etməyə çalışacağıq. Möhkəm komandaya qarşı oynayırıq. Rəqib də istəklidir. Futbolçularıma inanıram. Ən yaxşı oyunlarımızın birini göstərməyə çalışacağıq".
“Viktoriya”ya rəhbərlik edən Mixal Bilek isə “Qarabağ”a qarşı matçı karyerasının ən vacib oyunu kimi qiymətləndirib: “Qarabağ” texniki cəhətdən böyük üstünlükləri olan komandadır. Bunun sayəsində hücum xəttində çox effektli oyun göstərə bilirlər. Ona görə də cavab görüşündə də müdafiədə boş zonaların yaranmasına imkan verməməliyik. Oyun üslubumuzu dəyişmək niyyətimiz yoxdur. Hücum futbolu ilə nəticə qazanmağa çalışan “Ferentsvaroş”un Macarıstanda aqibətini hamı gördü. Yenə etibarlı oynamağa çalışacağıq. Karyeramın ən vacib görüşünə çıxıram. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağıq.
Qeyd edək ki, “Qarabağ” və “Viktoriya” Plzen 2016-2017-ci illər mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlmiş, həmin vaxt Çexiya klubu 1 səfər qolu sayəsində pley-ofa çıxmışdı. “Viktoriya” – “Qarabağ” oyunu bu gün Bakı vaxtilə saat 23-də başlanacaq. Qarşılaşmanı Artur Diaşın rəhbərliyi altında portuqaliyalı hakimlər briqadası idarə edəcək.