Millətlər liqasının A divizionunda qrup mərhələsinin oyunları davam edir.
3-cü turda İsveçrə seçməsi azarkeşləri önündə İspaniya millisi ilə üz-üzə gələcək. Oyundan əvvəl hər iki komandanın baş məşqçisi jurnalistlərinsuallarını cavablandırıblar. İsveçrə millisinin uğurları üçün çalışan Murat Yakın komandasının uğursuz çıxışının səbəblərini açıqlayıb: “İlk 2 oyunda bəxtimiz gətirmədi. Amma bu oyunda şansa arxalanmaq sadəlövhlük olardı. Müdafiədə balanslı oynamaqla yanaşı hücumda da effektli performans göstərməliyik. Əks halda ispaniyalılar bizə çox çətinlik yaradacaqlar. Ümid edirəm ki, qrupda ilk qələbəmizi bu gün qazanacağıq".
İspaniya millisinin baş məşqçisi Luis Enrike isə komandasının qələbə imkanlarını dəyərləndirib. Təcrübəli mütəxəssis komandasının lazımi nəticəni əldə edəcəyinə inanır:“Bu, qısa yarışdır. Ən güclü olmaq üçün bizə mütləq xal və ya xallar lazımdır. Hələ də əsas heyətlə bağlı yekun qərarım yoxdur. Əsasən gənc futbolçulara üstünlük verəcəyəm. Belə turnirlər onların özlərini sübut etmələri üçün əla imkandır. Qalib gələcəyimizə inanıram".
2 turdan sonra İspaniya millisi 2 xalla 3-cü pillədə qərarlaşıb. Keçirdiyi hər iki oyunda məğlub olan İsveçrə seçməsi isə autsayderdir.
Qeyd edək ki, Cenevredə keçiriləcək görüş Bakı vaxtilə saat 22.45-də başlanacaq.