Bu gün Avropa və Amerika qitələrində çempion olmuş komandalar üz-üzə gələcək.
Tarixdə ilk dəfə təşkil olunacaq və finalissima adı verilən görüş İtaliya və Argentina seçmələri arasında keçiriləcək. Qalib əsas vaxtda müəyyənləşməsə komandalar penaltilər seriyasında mübarizə aparacaq. Cənubi Amerika təmsilçisinin baş məşqçisi Lionel Skaloni komandasının ənənəvi oyun tərzinə sadiq qalacağını bildirib:“Bu kuboku qazanmaqla Qətərə böyük motivasiya ilə yollanacağıq. Buna əminəm. Eyni zamanda, əsas məqsədlərimizdən biri noyabr ayına qədər komandanın stabil oyun tərzini qoruyub saxlamaqdır. Nəticənin necə olacağını demək çətindir. Ümid edirəm ki, layiq olan sonda kuboku qaldıracaq.
İtaliya yığmasının baş məşqçisi Roberto Mançini isə inamlı çıxışı ilə diqqət çəkib. O, heyətdə rotasiyalara gedəcəyini də vurğulayıb: "İtaliya və Argentina milliləri hər zaman Dünya futboluna istiqamət verən və istedadlı futbolçular yetişdirib. Ona görə də azarkeşlərin bu görüşdən böyük zövq alacağını deyə bilərik. Emosiyalar yüksək həddə olacaq. Əsasən gənc oyunçulara üstünlük verəcəm. Bu, onların özlərini sübut etmələri üçün yaxşı fürsətdir. Yalnız qələbə üçün meydana çıxacağıq.
Xatırladaq ki, Londonun “Uembli” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 22.45-də başlanacaq.