Tennisçilər arasında Böyük Dəbilqə seriyasının 2-ci yarışı “Rolan Qarros”da 1/8 finala yekun vurulub. Xorvatiyalı Marin Çiliç rusiyalı Daniil Medvedevlə qarşılaşıb. 1 saat 47 dəqiqə davam edən görüşdə favorit etimadı doğrulda bilməyib. Marin Çiliç ilk hissədə 6-2, növbəti setlərdə isə 6-3 və 6-2 hesabları ilə qalib gələrək ümumi qələbəni təmin edib. Xorvatiyalı tennisçinin 1/4 finaldakı rəqibi ruisyalı digər idmançı Andrey Rublyov olacaq.
1/8 final daha bir sensasiya ilə diqqət çəkib. Danimarkalı Holqer Rune reytinq cədvəlinin 4 nömrəsi Stefanos Tsitsipası mübarizədən kənarlaşdırıb. Əvvəlcə danimarkalı tennisçi 7-5 hesabilə üstün olub. 2-ci setdə Tsitsipas uğur qazansa da, digər bölümlərdə Holqer Rune rəqibinə heç bir şans verməyib. 6-3 və 6-4. Holger Rune 1/4 finalda norveçli Kasper Rudla üz-üzə gələcək.
Qadınların yarışında isə favoritlər sürprizə imkan verməyiblər. 1/8 finalda reytinqin 1 nömrəsi İqa Şvyontek çinli Çjen Dzeyə ilk setin tay-breykində məğlub olsa da, sonradan təşəbbüsə yiyələnərək qalib gəlib. 6-0 və 6-2
Rusiyalı Veronika Kudermetova amerikalı Medison Kizi mübarizədən kənarlaşdırıb. Kudermetova ilk setdə uduzub. Lakin sonradan üstünlüyə yiyələnərək ¼ finala adlayıb. O, İqa Şvyonteklə qarşılaşacaq.