İstanbulda keçirilən Türkiyə kubokunun finalında “Kayserispor” və “Sivasspor” üz-üzə gəlib.
Qarşılaşmada ilk qol 33-cü dəqiqəyə təsadüf edib. Kayseri komandasının heyətində Ramazan Civelek fərqlənib. 1-ci hissə “Kayserispor”un minimal hesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra Sivas klubu tarazlığı bərpa edib. 1 saatın tamamında Aaron Appindanqoye qapını dəqiq nişan alıb - 1:1. Görüşün əsas vaxtı bu hesabla yekunlaşıb. Qalibi müəyyənləşdirmək üçün komandalar əlavə yarımsaat oynamalı olublar. 95-ci dəqiqədə “Sivasspor” hesabda önə keçib. Maks Qradel baxımlı qol vurub. 107-ci dəqiqədə hesab bərabərləşib. İlhan Parlak hədəfdən yayınmayıb 2:2. Amma az sonra hesab yenidən Sivas klubunun xeyrinə dəyişib. Mussa Konate topu qapıdan keçirib. Qalan vaxtda üstünlüyünü qoruyan komanda yekunda 3:2 hesablı qələbə qazanıb. Beləliklə “Sivasspor” tarixində ilk dəfə Türkiyə kubokuna sahib olub.