Mövsümün sayca 3-cü Böyük Dəbilqə seriyalı turniri olan Uimbldonda rusiyalı və belaruslu tennisçilər iştirak etməyəcək. Bu səbəbdən ATP və WTA yarışa qatılacaq bütün tennisçiləri reytinq xalından məhrum edəcək. Bu qərar “Uimbldon” rəhbərliyinin narazılığına səbəb olub. Turnirin nümayiş xarakterli olacağı ilə barışmayan yarışın təşkilat komitəsi ATP və WTA-ni məhkəməyə verməyə hazırlaşır. Yeri gəlmişkən, Avstraliya Açıq Tennis turniri, Rolan Qarros və US Open rəhbərliyi də bu məsələdə britaniyalı həmkarlarını dəstəkləyir.
Hazırda “Rolan Qarros” turnirində çıxış edən ATP reytinqinin lideri Novak Cokoviç də məsələyə münasibətini bildirib: “Bəzi həmkarlarımla söhbət etmişəm. Bəli, onlar reytinq xallarından məhrum olacaqları ilə barışa bilmir. Biz narazılıqların olacağını gözləyirdik. Amma mən ATP rəhbərliyi ilə danışmışam. Onlar qəbul etdiyi qərarı ləğv etməyəcək”.
“Böyük Dəbilqə” seriyalı turnirlərin 3 qat qalibi britaniyalı Endi Marrey isə bir qədər fərqli danışıb:“Uimbldon”u izləyənlərə kimin neçə reytinq xalı qazanması maraqlı deyil. Hamı qalibi xatırlayacaq. Uimbldon heç vaxt nümayiş xarakterli turnir olmayıb və bundan sonra da olmayacaq”. Xatırladaq ki, Uimbldon turniri iyunun 27-də start götürəcək və iyulun 11-nə qədər davam edəcək.