Konfrans Liqasının ilk qalibi Albaniyanın Paytaxtı Tiranada müəyyənləşib.

Titul uğrunda görüşdə “Roma” və “Feyenord” üz-üzə gəlib. Oyunun əvvəlindən Niderland klubu təşəbbüsə yiyələnsə də, 32-ci dəqiqədə “canavarlar” hesabı açıb. Canluka Mançininin effektli ötürməsini Nikolo Dzanyolo lazımınca qiymətləndirib. Hissənin sonuna yaxın “Feyenord” futbolçuları daha bir neçə epizodda fərqlənməyə yaxın olsalar da, qapıçı Ruy Patrisiu inamlı təsir bağışlayıb. Fasilədən sonra da qarşılaşma eyni məzmunla davam edib. “Feyenord” daha çox hücum edib. “Roma” isə yalnız hesabı qorumaq üçün mübarizə aparıb. Paytaxt futbolçularının səyi bəhrəsini verib. İtaliya klubu qapısını sonadək toxunulmaz saxlayaraq 14 illik fasilədən sonra kubok qazanıb. “Roma” sonuncu dəfə 2008-ci ildə İtaliya kubokunu muzeyinə aparmışdı. Baş məşqçi Joze Mourinyo da unikal göstərici ilə tarixə düşüb. O, Konfrans liqası, UEFA kuboku, UEFA Avropa Liqası, UEFA Çempionlar liqasında ali mükafata yiyələnən ilk mütəxəssis olub. Üstəlik portuqaliyalı baş məşqçinin komandaları avrokuboklarda 5 finalın hamısında qalib gəlib.