“Red Bull” pilotu Maks Ferstappen müqaviləsinin sonuna qədər Avstriya komandasında çıxış etməyə bilər.  Almaniya mətbuatının əldə etdiyi məlumata görə, son dünya çempionu sərfəli təklif alacağı halda, “Red Bull”la vidalaşmaq hüququna malikdir. Məsələ ondadır ki, “Mersedes” də Lüis Hemiltonla yollarını ayıracağı halda məhz niderlandlı pilotla anlaşmaq istəyir. Artıq bu məsələ ilə əlaqədar Almaniya komandası müəyyən addımlar armaq fikrindədir. Hətta Emilya-Romanya Qran-prisindən sonra “Mersedes”in rəhbəri Toto Volff “Red Bull”un boksuna gələrək Maks Ferstappenin atası Yos Ferstappenlə görüşüb. Mətbuata açıqlama verən “Red Bull”un məsləhətçisi Helmut Marko da məsələyə münasibətini bildirib: SİTAT “Bəli, Ferstappenin müqaviləsində müəyyən şərtlər var ki, Maks müəyyən şərtlər daxilində sözləşmənin müddəti bitməmiş komandanı tərk edə bilər. Amma bunun üçün bir çox amillər üst-üstə yığılmalıdır. Bəli, Ferstappenin “Mersedes” fanatı olmasını çox qabardırlar. Amma artıq bu belə deyil” SİTATIN SONU.

Yeri gəlmişkən, 2026-cı ildə Formula 1-də debüt etməyə hazırlaşan “Audi” və “Porşe” yalnız almaniyalı pilotlara güvənmək istəyir.  Bu markaların istehsalına nəzarət edən “Volksvagen” konserninin rəhbəri Herberq Dias planı təsdiqləyib. Onun sözlərinə görə yaxın gələcəkdə Almaniya Qran-prisinin yenidən təqvimə salınsa, bu ölkədə Formula 1-ə maraq yenidən artacaq. Belə olan vəziyyətdə alman pilotlar da öz ölkələrinin komandalarında çıxış etməlidir.