Konfrans Liqasında da yarımfinal mərhələsinin cavab oyunları keçirilib. İngiltərədə “Lester”lə 1:1 hesablı heç-heçə edən “Roma” doğma arenada minimal hesablı qələbə qazanıb. Paytaxt klubunun yeganə qolunu Temmi Abraham vurub. Bununla da paytaxt klubu 31 il sonra avrokuboklarda finala adlayıb. Komanda sonuncu dəfə 1991-ci ildə UEFA kubokunun finalın çıxış edib və 2 oyunun nəticəsinə görə “İnter”ə uduzub.
“Roma”nın bu dəfə finaldakı rəqibi “Feyenoord” olacaq. Niderland komandası “Marsel”i mübarizədən kənarlaşdırıb. Fransadakı cavab oyununda qol vurulmasa da, ilk qarşılaşmada 3:2 hesabı ilə qalib gələn “Feyenoord” həlledici görüşə adlayıb. Rotterdam klubu 20 ildən sonra yenidən Avrokuboklarda final həyəcanı yaşayacaq. Komanda sonuncu dəfə 2002-ci ildə UEFA kubokunun finalında “Borussiya Dortmund”la qarşılaşmıs və 3:2 hesablı qələbə qazanaraq titula sahib çıxmışdı. Qeyd edək ki, İlk dəfə keçirilən Konfrans Liqasının həlledici görüşü mayın 25-də Albaniyanın paytaxtı Tirana şəhərində olacaq.