Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. “Ayntraxt” Londonda 2:1 hesabı ilə məğlub etdiyi “Vest Hem”i Frankfurtda qəbul edib. 17-ci dəqiqədə qonaqlar meydanda azlıqda qalıblar. Aaron Kressuel qırmızı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyü əldə edən “Ayntaxt” futbolçuları minimal hesablı qələbə qazanıblar. Görüşdə yeganə qolu Rafael Borre vurub.  Beləliklə “Ayntraxt” 42 ildən sonra yenidən avrokuboklarda finala adlayıb. Sonuncu dəfə 1980-ci ildə UEFA kubokunda həlledici görüşdə çıxış edən komanda almaniyanın digər təmsilçisi “Borussiya Mönhenqladbax”a qalib gələrək fəxri mükafata sahib çıxmışdı.

Bu dəfə də Almaniya komandalarının finalı ola bilərdi. Amma “Reyncers” “Leyptsiq” futbolçularının arzusunu gözündə qoyublar. Səfərdə minimal hesabla uduzan Qlazqo təmsilçisi doğma arenada bunun əvəzini çıxıb. 24 dəqiqəyə meydan sahibləri 2 qol vurublar. Ceyms Tavernye və Qlen Kamara fərqlənib. 2-ci hissədə Kristofer Nkunku buraxılan toplardan birinin əvəzini çıxsa da, bu yalnız təsəlli olub. 10 dəqiqə sonra Con Ləndstrom qarşılaşmada son nöqtəni qoyub - 3:1.

Bununla da “Reyncers” 14 ildən sonra avrokuboklarda finala yüksəlib. Sonuncu dəfə 2008-ci ildə UEFA Kubokunun finalında oynayan Qlazqo klubu Rusiya təmsilçisi “Zenit”ə məğlub olmuşdu. Qeyd edək ki, “Ayntarxt” – “Reyncers” final qarşılaşması mayın 18-də İspaniyanın Sevilya şəhərində keçiriləcək.