Mayın 22-də start götürəcək “Rolan Qarros” turnirinin mükafat fondu açıqlanıb.

Parisdə keçiriləcək “Böyük Dəbilqə” seriyalı yarışın ümumi fondu 43,6 milyon avro təşkil edəcək. Bu da pandemiya dövründən bəri keçirilən yarışların fondu ilə müqayisədə 6,8 faiz çoxdur. Turnirin fərdi yarışının ilk mərhələsində mübarizə aparacaq tennisçilərin hər biri 62 min avro qazanacaq. Yarımfinala yüksələn tennisçi 600 min avroya, finalda oynamaq imkanı əldə edən raketka ustası isə 1,1 milyon avroya yiyələnəcək. Çempion tennisçiyə isə 2,2 milyon avro qismət olacaq.  Cüt yarışlarının qalibi 580 min, mikst yarışlarında titul qazanan tennisçilər 122 min avronun sahibi olacaq.

Yeri gəlmişkən, maliyyə fırıldağına görə 2 il yarım müddətinə azadlıqdan məhrum edilən “Böyük Dəbilqə” seriyalı turnirlərin 6 qat qalibi Boris Bekkerə maraqlı təklif irəli sürülüb. Almaniyalı Sabiq tennisçi nüfuzlu “Eurosport” telekanalına qarşıdakı turnirləri həbsxanadan şərh edə bilər. Hazırda Fransa telekanalının əməkdaşları hüquq mühafizə orqanlarının nümayəndələri ilə danışıqlar aparır.