UEFA Çempionlar Liqasında “Liverpul”dan sonra digər finalçının adına “Real” – “Mançester Siti” görüşündə aydınlıq gəlib.
İngiltərədə keçirilən matçda 4:3 hesabilə qələbə qazanan “şəhərlilər” bu dəfə rəqibilə Madriddə qarşılaşıb. 1-ci hissədə Pep Qvardiolanın futbolçuları daha fəal təsir bağışlasalar da, Tibo Kurtuanın qoruduğu qapıya yol tapa bilməyiblər. Hesab fasilədən sonra açılıb. 73-cü dəqiqədə Riyad Mahrezin zərbəsi qarşısıalınmaz olub. Bu qol sayəsində tarixində ikinci dəfə finala çıxmaq imkanlarını artıran “Mançester Siti” sərfəli hesabı qoruya bilməyib. Sonluq ağlasığmaz hadisələrlə zəngin olub. Belə ki, “Real” pley-ofda ardıcıl 3-cü dəfə dönüş edib. Meydana sonradan daxil olan Rodriqo 90 saniyəyə dubl müəllifi olaraq ümumi hesabı bərabərləşdirib. Beləliklə finalçını aşkarlamaq üçün əlavə vaxta ehtiyac duyulub. 95-ci dəqiqədə referi Daniele Orsato Ruben Diaşın cərimə meydançasında kobudluğuna görə “Mançester Siti”nin qapısına penalti təyin edib. Kərim Benzema hədəfdən yayınmayıb. O, pley-ofda 10-cu dəfə fərqlənərək Kriştianu Ronaldunun rekordunu təkrarlayıb. Bu qol “Real”ın finala çıxması üçün kifayət edib. “Kral klubu” 2 oyunun yekununda 6:5 hesabilə üstün olaraq tarixində 17-ci dəfə Çempionlar Liqasının finalına yüksəlib. “Liverpul” və “Real” arasında həlledici görüş mayın 28-i Parisin “Stad de Frans” arenasında keçiriləcək.