UEFA Çempionlar Liqasında yarımfinalın digər görüşü keçirilib.
“Enfild Roud”da “Liverpul” İspaniyanın “Vilyarreal” klubunu qonaq edib. İlk dəqiqələrdən azarkeşlər maraqlı mübarizənin şahidi olublar. Birinci hissədə tərəflərin hücum cəhdləri nəticəsiz qalıb. Fasilədən sonra sürətini bir qədər də artıran meydan sahibləri 53-cü dəqiqədə istəyinə nail olub. Pervis Estupinyan topu öz qapısından keçirərək avtoqol müəllifi olub. Qonaqlar hələ özünə gəlməmiş ikinci dəfə mərkəzə dəvət olunublar. 2 dəqiqə sonra Sadio Mane yerli azarkeşləri sevindirib. Qalan vaxtda qol olmayıb: “Liverpul” – “Vilyarreal” 2:0. Komandalar arasında keçiriləcək cavab oyunu 1 həftə sonra İspaniyada “Estadio de la Keramika” stadionunda olacaq.