Çempionlar Liqasında ikinci yarımfinal matçı bu gün keçiriləcək.
“Liverpul” doğma meydanda “Vilyarreal”la üz-üzə gələcək. Meydan sahibləri optimal heyətlə mübarizə aparacaq. Yalnız Roberto Firminonun qarşılaşmada olub-olmayacağı məlum deyil. İspaniya təmsilçisində isə Alberto Moreno və Yeremi Pinonun zədə səbəbindən oyunda iştirak bilməyəcəklər. Görüşdən əvvəl hər iki komandanın baş məşqçisi mətbuat konfransında çıxış edib. “Liverpul”un baş məşqçisi Yürgen Klopp rəqibin üstün cəhətlərini qeyd etməklə yanaşı komandasının qələbə imkanlarını da dəyərləndirib: “Favorit sayılsaq da, nəticənin necə olacağını demək çətindir. Bizi çox güclü rəqib gözləyir. Onlar “Yuventus” və “Bavariya” kimi komandaları mübarizədən kənarlaşdırıblar. Bunu qiymətləndirmək lazımdır. Finala yüksəlmək “Viilyarreal” üçün tarixi uğur olardı. Ancaq biz də ilk oyunda sərfəli nəticə əldə etməyə çalışacağıq”.
“Vilyarreal”ın uğurları üçün çalışan Unay Emeri komandasının mərhələ adlaması üçün səhvsiz oynamalı olduqlarını bildirib: “2016-cı ildə “Sevilya”da işlədiyim vaxt Klopun “Liverpul”una qarşı mübarizə aparmışam. Etiraf etməliyəm ki, hazırki rəqib daha güclü və təcrübəlidir. Bu, uzun illər görülən işlərin bəhrəsidir. Mersisaydlıların potensialından xəbərdaram. Amma bu bizim erkən təslim olacağımız demək deyil. Mövsüm ərzində top klubları məğlub etməyi bacarmışıq. Niyə də yenə olmasın? İstənilən halda görüşdən zövq almağa çalışacağıq”.
Qeyd edək ki, “Liverpul” – “Vilyarreal” matçı bu gün saat 23:00-da başlanacaq. Oyunu polşalı Şimon Marçinyakın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.