UEFA Çempionlar Liqasının yarımfinalında “Mançester Siti” doğma meydanda “Real Madrid”lə qarşılaşacaq.
İngiltərə təmsilçisi Joao Kanselu və Benjamin Mendinin köməyindən yararlana bilməyəcək. Madrid klubunun heyətində isə Mariano Diaz, Luka Yoviç və Eden Hazard qarşılaşmada iştirak etməyəcək. Oyundan əvvəl hər iki komandanın baş məqşçisi jurnalistlərin suallarını cavablandırıblar. Kral klubunun uğurları üçün çalışan Karlo Ançelotti iddialı açıqlamaları ilə diqqət çəkib: “Yarımfinala yüksəlmək “Real Madrid” üçün uğur sayılmamalıdır. Əsas hədəfimiz turnirin qalibi olmaqdır. vacib oyunlardan əvvəl qarışıq hislər keçirirsiniz. rəqibimiz çox güclüdür. Amma biz komanda kimi belə şəraitə öyrəşmişik. Bütün mərhələlərdə ciddi müqavimətlə qarşılaşmışıq. Məhz bu amil bizi çətin mübarizələrə hazırladı. yenidən uğurlu nəticə üçün döyüşəcəyik”.
Mançester Sitinin baş məşqçisi Pep Quardiola da görüş barədə fikirlərini bölüşüb. İspaniyalı mütəxəssis Real Madridin tarixi uğurlarını qeyd etməklə yanaşı komandasının qələbə imkanlarını da dəyərləndirib: “Tarixə nəzər salsaq “Real Madrid” Avropanın ən güclüsüdür. Bunu hamı qəbul edir. Bəlkə də bu görüşdə qalib gələcək komanda turnirin çempionu olacaq. Əlimizə düşən imkanlardan maksimum yararlanmalıyıq. Topla daha çox oynamalı və daim pressinq etməliyik. Yalnız bu halda istədiyimiz nəticəni qazana bilərik”.
Qeyd edək ki, “Etihad” stadionunda keçiriləcək “Mançester Siti” – “Real Madrid” matçı bu gün saat 23:00-da başlanacaq. Oyunu rumıniyalı İştvan Kovaçın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.