İngiltərə çempionatının 25-ci turdan təxirə salınmış oyununda Londonun 2 komandası üz-üzə gəlib. “Çelsi” “Arsenal”ı qəbul edib. Görüşə qonaqlar güclü hücumlarla başlayıblar və tezliklə istəklərinə çatıblar. Edvard Nketia fərqlənib. Çox keçmədən Timo Verner hesabı bərabərləşdirib. 27-ci dəqiqədə Emil Smit Rou “topçuları” yenidən önə keçirib. Az sonra meydan sahibləri yenidən tarazlığı bərpa ediblər. Sezar Aspilikueta diqqət mərkəzinə düşüb. İkinci yarıda Arsenal futbolçularının üstünlüyü şəraitində  keçib. Əvvəlcə Nketia özünün 2-ci, komandasının 3-cü qolunu vurub. 2-ci hissəyə əlavə olunmuş vaxtda isə Bukayo Saka yekun nəticəni müəyyənləşdirib: Çelsi - Arsenal 2-4.  Mikel Artetanın komandası bu qələbə sayəsində xallarının sayını 57-yə çatdırıb. Komanda hazırda  “Tottenhem”lə birgə  4-cü, 5-ci pillələri bölüşür. “Çelsi” isə 62 xalla 3-cüdür.

“Mançester Siti” 30-cu turdan təxirə salınmış oyunda doğma meydanda Braytonu 3-0 hesabilə məğlub edib. İlk yarıda qol olmasa da, ikinci hissədə meydan sahibləri təşəbbüsə yiyələniblər. 53-cü dəqiqədə Riyad Mahrez fərqlənib. Bir neçə dəqiqə sonra Fil Foden 2-ci topu Braytonun qapısından keçirib. Sona yaxın Bernardo Silva mübarizəyə nöqtə qoyub. Bununla “şəhərlilər “ 77 xalla yenidən yarış cədvəlində  liderliyə yüksəliblər. “Brayton” isə 40 xalla 10-cudur.